(012) 497-19-39ƏLAQƏ
0item(s)

Səbətə məhsul seçilməyib

Product was successfully added to your shopping cart.

Kəlağayı haqqında

Kəlağayı

İpəkli yollar

Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.

Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı paytaxt Bakıdan 165 km. şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və elə həmin səmtdə, lakin 320 km. məsafədə olan Şəki şəhərində daha geniş yayılmışdır.

Kəlağayının daha çox məhz bu bölgələrdə toxunmasının və yüksək keyfiyyətinin səbəbi, heç şübhəsiz Şəki ipəyidir. Kəlağayının hazırlandığı bu unikal parçanın yaranması özü böyük prosesdir, tarixi isə çox qədimdir.

Azərbaycanda ipəkçilik ta qədim zamandan təşəkkül tapıb böyük inkişaf yolu keçmişdir. Tədqiqatlar göstərir ki, Şəkidə ipəkçiliyin tarixi hələ miladdan əvvəlki dövrlərə təsadüf edir. Şəki uzun illər Azərbaycanda, eləcə də Qafqazda ipəkçiliyin mərkəzi olmuşdur. XIX əsrdə dünyada ən böyük ipəksarıma fabriki məhz Şəkidə fəaliyyət göstərirdi. Şəki ipəyi nəinki Azərbaycanda, həmçinin Şərq ölkələrində, Avropada, Rusiyada da tanınır və yüksək qiymətləndirilirdi. Hətta II Nikolayın çarlığı dövründə rus imperiyasında tədavülə buraxılan beşyüzlük əsginazlara əzilməməsi, qırışmaması üçün məhz Şəki ipəyi qatılırdı. 1862-ci ildə Londonda keçirilən beynəlxalq sərgidə Şəki ipəyi medala layiq görülmüşdü. Fransanın Lion şəhərinin Sent-Etyen şirkəti Şəki ipəyinin daimi alıcılarından idi. Təsadüfi deyil ki, XIX əsrin əvvəllərində Şəkini ipəkçilikdə qazandığı uğurlarına görə “Qafqazın Lionu” adlandırırdılar.

Şəki ipəyindən hazırlanan geyimlər, tikmələr, baş örtükləri də yüksək qiymətləndirilirdi. Elə bu səbəbdən kəlağayı istehsalı ilə məşğul olan yerli əhali ipəyi daha çox Şəkidə hazırlayıb, kəlağayını isə Basqalda yaradırdılar. Odur ki, hər iki bölgə arasında müəyyən qədər məsafə olsa da, onların yollarını, elə məhz “ipək telləri” bağlayırdı.

Müxtəlif illərdə Azərbaycanda səfərdə olmuş A.Oleari, A.Cenkinson, E.Çələbi, A. Düma, F.Kotov kimi səyahətçi və diplomatlar öz qeydlərində kəlağayı haqqında söz açmışlar. Məlumdur ki, 1870-ci ildə Basqal kəlağayısı Londonda keçirilən sənət sərgisində gümüş medala layiq görülmüşdür.

Əsrlərcə tarixi olan kəlağayının ərsəyə gəlməsi mürəkkəb proses olduğundan burada bir neçə peşə növünün nümayəndəsi - toxucu (tərrax) (kəlağayı toxuyan), boyaqçı (kəlağayını boyayan), qəlibçi (qəlibin köməkliyi ilə kəlağayıya müxtəlif naxışlar vuran), kəlağayıçı (ornamentalist sənətkar) iştirak edir. Çəkisi 125 qram olan, bir üzükdən keçə bilən bu unikal örtüyün boyanıb, naxışlanması iki gün çəkir və qəribə görünsə də, adətən bu qadın baş geyimi kişilər tərəfindən hazırlanır. Belə ki, qaynayan rənglərlə, qəliblə işləmək kimi çətin işin öhdəsindən yalnız kişilər gələ bilər.

Baş örtüyünün hazırlanma prosesində ən aparıcı qüvvə boyaqçı hesab olunur. Çünki hazır kəlağayıları küpxanada qaynar şəkildə boyamaq böyük zəhmət, virtouz bacarıq və incə duyma qabiliyyəti tələb edir. Əsasən, ağ, qara, soğanı və yaşıl rənglərdə 150x150 sm və 160x160 sm ölçüyə malik olan kəlağayının boyanmasında sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və s. bitkilərdən istifadə edilir.

Kəlağayının naxışları ağac və ya metal qəlib vasitəsilə vurulur. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Kəlağayıda əks olunan naxışlar özündə böyük məna ehtiva edir. Kəlağayının üzərində həkk olunmuş naxışlar öz qüdrəti, dərin mənası hesabına yüz illərdir ki, dəyişilməz olaraq qalır. Naxışlar içərisində daha çox butalar üstünlük təşkil edir ki, bu da Azərbaycan ornament sənətində ən çox yayılmış bəzək elementlərindən biridir. Bildirək ki, tədqiqatçılar butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğunu ehtimal edir.

Hər bölgənin kəlağayısı digərindən əsasən haşiyəsindəki ornamentlərə görə fərqlənir. Şəki və Basqal kəlağayıları içərisində “Şah buta”, “Saya buta” və “Xırda buta” çeşnilərindən daha çox istifadə olunur. “Heyratı”, “Soğanı”, “İstiotu”, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar da vaxtı ilə Yaxın Şərq və Qafqaz xalqları arasında böyük şöhrət qazanmışdı.

Kəlağayıda həkk olunmuş naxışların ayrı-ayrı forma və motivləri yerli əhalinin gündəlik məişətinə də sirayət etmişdir. Belə ki, şirniyyat və çörək məmulatlarında, türbə və qəbirüstü abidələrdə kəlağayıya məxsus elementləri görmək mümkündür. Bu baş örtüyünə gözəllik, təmizlik rəmzi kimi Azərbaycan folklorunda, poeziyasında, habelə təsviri və dekorativ sənətində də tez-tez rast gəlinir. Sözsüz ki, bütün bunlar kəlağayı ornamentlərinin bir çox dünya xalqlarının incəsənətində də yer almasına gətirib çıxarmışdır.

Kəlağayının əsas xüsusiyyətlərindən biri onun həm istilik, həm də sərinlik gətirməsidir. Belə ki, ipək parça son dərəcə nazik, yumşaq olub, onu geyinən insanın dərisinə qulluq edir, müxtəlif mikroblardan qoruyur.

Kəlağayı bu gün də Azərbaycanda geyim elementi kimi istifadə olunur və çadradan fərqli olaraq onun dinlə heç bir əlaqəsi yoxdur. Qadınlar kəlağayını müxtəlif yaş dönəmlərində rənginə və formasına görə örtürlər. Belə ki, yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə şəklində bağlayırlar, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirlər. Qadınlar yas yerlərində qara, toy mərasimlərində isə əlvan naxışlı kəlağayılar bağlayarlar. Ümumiyyətlə, yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayı örtürlər.

Azərbaycanda vaxtı ilə kəlağayı yalnız qadın gözəlliyini tərənnüm etmirdi. Bunu həm də qurulacaq ailənin təməl daşı hesab etmək olardı. Belə ki, kəlağayısını oğlana bağışlayan qız eşqinə ömürlük sadiq qalacağına and içərmiş. Yaxud da elçilik mərasimində qız tərəfinin razılığı alınandan sonra oğlan tərəfindən bir qadın qırmızı kəlağayıya bükülmüş nişan üzüyünü təqdim edirdi. Bundan başqa toy öncəsi adətlərdən olan xınayaxdı mərasmində gəlin gedən qızın başına qırmızı kəlağayı atıb, əl-ayağına xına yaxarlar. Kəlağayının toy mərasimindəki rolundan söz düşmüşkən onu da əlavə edək ki, bəyin özünə, sağında və solunda dayanan dostlarının boynuna, gəlin maşınının güzgüsünə də kəlağayılar bağlanırdı. Hətta toya təşrif buyuran qadınların xonçasında ən qiymətli hədiyyə də elə kəlağayı olardı. Bu ənənə indi də Azərbaycanın bəzi bölgələrində qorunub yaşamaqdadır.

Bəzən Azərbaycan ailələrində insan dünyasını dəyişəndə onun üstünü qara kəlağayı ilə örtərlər. Bu hətta dəfn olunma prosesinə qədər də baş verə bilər. Bu da onu göstərir ki, kəlağayı azərbaycanlıları ömür boyu müşayiət edən elementlər sırasındadır. Bu baş örtüyü həm də sülhsevər missiyanı özündə yaşadır. Belə ki, müxtəlif səbəblərdən yaranmış münaqişə zamanı qadın başındakı kəlağayını yerə atarsa dava edən şəxslər dərhal savaşı dayandırarlar.

Göründüyü kimi kəlağayıya hörmət qadına olan ehtiram qədər daim zirvədədir və o bəzən istifadə olunmasa belə evin ən əziz yerində qorunub saxlanılır. Onu hətta ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlıların evlərində də görmək mümkündür. Çünki kəlağayı azərbaycanlıların ailə ənənələrini qoruyan qüvvələrdəndir.

Kəlağayı elə baş örtüklərindəndir ki, ona hər zaman ehtiyac duyulur. Dəbin sürətlə dəyişildiyinə baxmayaraq örtüyün ölçüsü, naxışlarının forması olduğu kimi hələ də qalmaqdadır. Onu hətta dünyada ən uzunömürlü baş geyimlərindən biri kimi qəbul etmək olar.

İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə kəlağayıya olan böyük tələbat bu qədim sənət növünü indiyədək yaşadır. Bu gün də Şəki şəhərində, Basqal qəsəbəsində bu işi davam etdirən sülalələr böyük məmnuniyyətlə kəlağayı istehsal edirlər. Müxtəlif illərdə Basqal və Şəkidən çıxmış sənətkarlar yalnız Azərbaycanın digər bölgələrində deyil, eləcə də Gürcüstanda, Türkmənistanda, İranda, Rusiyada və Özbəkistanda da kəlağayı istehsalının təməlini qoymuşlar.

Basqalda “İnkişaf” Elmi Təşkilatın təşəbbüsü ilə “Kəlağayı” Mərkəzi fəaliyyət göstərir. Burada bütün kəlağayı ənənələri tamamilə bərpa olunmuşdur. Həmçinin Basqalda unikal interaktiv “Kəlağayı” muzeyi yaradılmışdır. Bura gələn ziyarətçilər nəinki kəlağayının tarixi və ənənələri ilə tanış olurlar, eləcə də sənətin yaranma prosesini canlı görüb, hətta məhsulun hazırlanmasında da iştirak edə bilərlər.

Kəlağayı yalnız Basqalda yerləşən muzeydə deyil, eyni zamanda Moskvada Dövlət Şərq Xalqlarının İncəsənət Muzeyində, Bakıda Milli Tarix Muzeyində, Azərbaycan İncəsənət Muzeyində xalqımızın məişətində və həyatında oynadığı böyük rol kimi təqdim olunur. Əminliklə deyə bilərik ki, kəlağayı daim Azərbaycan xalqının ayrılmaz hissəsi kimi yaşayacaq. Çünki kəlağayı ənənəsini yalnız bu sənətlə məşğul olanlar deyil, bütünlükdə xalq yaşadır.